Bu gün "Tehsil365" informasiya agentliyinin iki yaşı tamam olur. Təhsil sahəsində maarifləndirmə və düzgün məlumatlandırma missiyasını öz üzərinə götürən portal qısa müddət ərzində geniş oxucu auditoriyası qazanaraq etibarlı xəbər mənbəyinə çevrilib.
Təhsil eksperti Ramin Nurullayev portalın bu uğurunu yüksək qiymətləndirərək, onun ölkədə təhsil sahəsində düzgün maarifləndirmə aparan azsaylı platformalardan biri olduğunu qeyd edib. O, təhsillə bağlı xəbərlərin düzgün və peşəkar insanlardan əldə edilməsinin vacibliyini vurğulayıb:
"Təhsil sahəsində insanları düzgün məlumatlandırmaq olduqca vacibdir. Çünki yanlış informasiya cəmiyyətdə ciddi problemlərə yol aça bilər. Təəssüf ki, bəzi xəbər portalları tanınmayan şəxslərdən müsahibə alaraq, dəqiq olmayan məlumatlar yayırlar. Məsələn, qəbul imtahanı ballarının artacağı və ya azalacağı ilə bağlı dəqiq informasiya olmadan verilən bəyanatlar abituriyentlər arasında çaşqınlıq yaradır. Ancaq ‘Təhsil365’ bu sahədə düzgün mövqe tutaraq etibarlı və dəqiq xəbərlərlə ictimaiyyəti maarifləndirir."
O, bəzi təhsil portallarının uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, hələ də güclü auditoriya formalaşdıra bilmədiyini, lakin "Tehsil365"in qısa zamanda böyük nüfuz qazandığını vurğulayıb.
"Mən inanıram ki, müəyyən müddət sonra ‘Tehsil365’ ölkəmizin ən nüfuzlu xəbər portallarından biri olacaq. Çünki bu istiqamətdə inamla addımlayır. Portalın adı da onun missiyasını əks etdirir – təhsili il ərzində, 365 gün cəmiyyətə çatdırmaq və maarifləndirmək. Bu, çox mühüm və dəyərli bir işdir."
Sonda Ramin Nurullayev "Tehsil365" kollektivini bu əlamətdar gün münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin təhsil sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi üçün portal ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.