Xalq arasında "fitrə zəkatı" kimi tanınan sədəqeyi-fitir Ramazan ayına məxsus bir ibadətdir və hər bir müsəlman üçün vacib hesab edilir.
İlahiyyatçı Cəmil Musayev "Tehsil365"ə açıqlamasında bildirib ki, fitrə zəkatı normal zəkatdan fərqlənir və Ramazanın son gününü yaşamış, eləcə də bayram gününü qarşılayan hər bir insan üçün verilməlidir. Bu ödəniş yaş fərqi olmadan hər kəsə şamil edilir.
Onun sözlərinə görə, fitrə zəkatının miqdarı insanların daha rahat ödəyə bilməsi üçün Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, Türkiyədə isə Diyanət İşləri Başqanlığı tərəfindən müəyyən edilir. "Bir fitrə məbləği, bir insanın səhər və axşam yeməyini qarşılayacaq qədər olmalıdır," - deyə o əlavə edib.
İlahiyyatçı bəzi sosial şəbəkə istifadəçilərinin fitrə zəkatını ödəməyən şəxslərin orucunun batil olduğu ilə bağlı fikirlərini yanlış hesab edib. "Bu iddiaların dinimizdə heç bir yeri və səhih qaynaqlarda heç bir dəlaləti yoxdur. Fitrə zəkatının ödənməsi vacibdir, lakin bu, orucun batil olmasına səbəb olmur," - deyə o vurğulayıb.
Cəmil Musayev həmçinin bildirib ki, fitrə zəkatını ata, ana, nənə, baba, övladlar və nəvələrə vermək olmaz. Çünki bu, caiz deyil. O, bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib və xalqımıza firavan həyat arzulayıb.