Aprelin 16-da G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.
Bu barədə “Tehsil365”ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, digər Tac Kütlə Atılmalarının (TKA) da təsiri əlavə olunarsa, geomaqnit qasırğasının intensivliyinin G3 səviyyəsinə qalxması ehtimalı var.
08-14 aprel tarixlərində Günəşin fəallığına bağlı olaraq Yerdə geomaqnit sahəsinin intensivliyi aktiv olub və fasilələrlə G1 səviyyəsinə yüksəlib. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 2-ə bərabərdir və kosmik hava sakitdir. 15-20 aprel tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 80%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
Günəş küləyinin sürətinin Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 16 apreldə gözlənilən TKA-nın təsiri ilə artacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 30-40%, aşağı qütb dairələrində isə 10%-dir.