Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) hər il ABŞ-də keçirilən nüfuzlu beynəlxalq yarışma “Adobe World Championship”in ilk dəfə olaraq Azərbaycanda keçirilən milli mərhələsində tərəfdaş qismində təmsil olunub.
Bu barədə universitetdən “Tehsil365”ə məlumat verilib. Bildirilib ki, tədbir çərçivəsində Universitetin bir neçə əməkdaşı da qonaq qismində iştirak edib. Onların arasında Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva da olub.
“Hackathon” formatında keçirilən milli mərhələdə iştirakçılar onlara verilmiş tapşırıqlar əsasında komanda şəklində yarışmaya qoşulublar. Beş komandaya bölünmüş iştirakçılar müxtəlif dizayn məhsulları üzərində işləyərək öz bacarıqlarını nümayiş etdiriblər.
Layihənin əsas məqsədi gənc dizaynerlərin inkişafına dəstək olmaq, onların ABŞ-də keçiriləcək beynəlxalq mərhələdə iştirakını təmin etmək, eyni zamanda gələcək üçün peşəkar kadrların formalaşdırılmasına töhfə verməkdir.
Yarışmaya ümumilikdə 425 nəfər müraciət edib, onlardan yalnız 50 nəfər seçim mərhələsindən uğurla keçərək iştirak hüququ qazanıb. Onlar arasında AzMİU-nun dizayner tələbələri də yer alıb. Seçilmiş iştirakçılar 16-22 yaş aralığında olan gənclərdən ibarət olub. Layihədə iştirak tamamilə ödənişsiz əsaslarla və təqaüd proqramı çərçivəsində həyata keçirilib.
Layihənin tərəfdaş qurumlarından birinin nümayəndəsi olaraq çıxış edən Qənirə Məmmədzadə iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gənc dizaynerləri təşviq edəcək fikirlər səsləndirib. Rasim Abdullayev isə iştirakçılara yaradıcılıq və innovativ düşüncə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və onlara bir sıra tövsiyələr verib.