Məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə bağlı məktəbdaxili araşdırma aparılıb.
Bu barədə "Tehsil365"in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimlər tərəfindən də narazılıqla qarşılanır.
Məsələ ilə bağlı səbəblər dəqiqləşdirilib və məlum olub ki, müəllim şagirdlərə fiziki təzyiq göstərməyib. O, yalnız digər şagirdlərin təhsil hüququnu pozduqları, tədris prosesinə mane olduqları və dərsə məsuliyyətsiz yanaşdıqları üçün onlara tənbeh edib.
Araşdırmanın nəticəsi olaraq məktəb rəhbərliyi həmin şagirdlərin valideynlərini məktəbə dəvət edərək onlarla görüş keçirməyi planlaşdırır. Eyni zamanda, sinfə nəzarətin artırılması və məktəb psixoloqu tərəfindən dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.