Aprelin 15-də Bakı Slavyan Universitetində (BSU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Anım Gününə həsr olunmuş “Nur Saçan Ömür” adlı dəyirmi masa təşkil olunub.
"Tehsil365" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə akademikin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Zərifə Əliyevanın ömür yolunu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
BSU-nun rektoru Anar Nağıyev tədbiri giriş sözü ilə açaraq, Zərifə xanım Əliyevanın Azərbaycan ictimai-siyasi, elmi və təhsil həyatında mühüm rol oynadığını vurğulayıb. O, akademikin 20-ci əsrdə Azərbaycan tibb elminin inkişafında göstərdiyi misilsiz xidmətlərdən söz açıb.
Rektor qeyd edib ki, Zərifə Əliyevanın həyatı Azərbaycan elminə, təhsilinə, ailə institutuna və ümumilikdə xalqımıza həsr olunub. Onun yüksək insani keyfiyyətləri, elmi və ictimai fəaliyyəti ölkənin səhiyyə sisteminə böyük töhfələr verib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə də akademikin şərəfli həyat yolundan, elmi nailiyyətlərindən və xalq qarşısındakı xidmətlərindən bəhs edib.
Dəyirmi masa BSU-nun Magistratura və Doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadənin moderatorluğu ilə davam etdirilib. Çıxış edən Regionşünaslıq kafedrasının müdiri İbrahim Quliyev, Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının baş müəllimi Səyalı İbrahimova və Tələbə Elmi Cəmiyyətinin sədri Xədicə Məhərrəmova Zərifə Əliyevanın elmi irsi, peşəkar fəaliyyəti və gənc nəsil üçün örnək olan həyat yolu barədə fikirlərini bölüşüblər.
Sonda digər iştirakçılar da çıxış edərək akademik Zərifə Əliyevanın parlaq xatirəsi ilə bağlı dəyərli fikirlərini səsləndiriblər.