Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Respublikasının Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə “Tehsil365”ə BDU-dan məlumat verilib.
Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Nəvai Dövlət Universitetinin rektoru Mukhiddin Kalonov imzalayıblar.
Qeyd edək ki, əsası 1983-cü ildə qoyulmuş Nəvai Dövlət Universiteti Özbəkistanın nüfuzlu universitetlərindən biridir.