Aprelin 25-də AMEA Rəyasət Heyətinin və akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Böyük ana-alim-qadın” mövzusunda konfrans keçirilib.
“Tehsil365” xəbər verir ki, akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlərin təşkil olunduğunu bildirib.
Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq, onun icrasından irəli gələn vəzifələrin sırasında AMEA-da görkəmli alimlərin yubileylərinin qeyd edilməsi, yeni nəşrlərin hazırlanması kimi məsələlərin yer aldığını diqqətə çatdırıb. Bu mənada bugünkü konfransın akademik Zərifə Əliyevanın xatirəsinə hörmət və ehtiramı ifadə etməklə yanaşı, həm də AMEA-nın 80 illiyi çərçivəsində keçirilən əhəmiyyətli tədbir kimi böyük önəm daşıdığını bildirib.
AMEA rəhbəri vurğulayıb ki, Zərifə xanım Əliyevanın çoxcəhətli tibbi fəaliyyəti və elmi irsi təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova vurğulayıb ki, Zərifə xanım Əliyeva elmi və ictimai fəaliyyətini ailə həyatı ilə mükəmməl şəkildə uyğunlaşdırmağı bacarıb.
“Bir çox mükafatlara və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini qazanmış, xatirələrdə silinməz izlər buraxmışdır”, - deyən akademik İradə Hüseynova görkəmli alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı kitabın AMEA-nın 80 illiyi çərçivəsində “Elm” nəşriyyatında ingilis dilində nəşr olunduğunu diqqətə çatdırıb. Bildirib ki, kitabın ingilis dilində çap olunması oftalmoloq-alimin şəxsiyyətinin və yaradıcılığının dünyada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edib ki, nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli geniş “Ön söz” yazıb.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, insanların gözlərinə nur bəxş etmiş akademik Zərifə Əliyeva elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunədir.
Daha sonra oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Konfransda Milli Məclisin deputatı, filologiya elmləri doktoru dosent Elnarə Akimova “Zərifə Əliyeva – alimlik və insanlıq statusu”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova “Gözlərə nur bəxş edən insan”, Milli Oftalmologiya Mərkəzinin direktor müavini dosent Hicran Namazova “Zərifə Əliyevanın elmi irsi bu gün də aktualdır”, YAP Veteranlar Şurasının üzvü, AMEA Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva “Zərifə xanım xatirələrdə” və Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Vüsalə Gülmalıyeva “Zərifə xanımın həyatı gənc nəsil üçün örnəkdir” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda Zərifə Əliyevanın həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” kitabının ingilis dilində nəşrinin təqdimatı olub.