AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli cərrah, türkoloq, “Varlıq” jurnalının təsisçisi Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilmiş “Milli varlığa və mənəviyyata həsr edilən ömür - Cavad Heyət fenomeni” mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə “Tehsil365”ə AMEA-dan məlumat verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli türkoloq-alim Cavad Heyətin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, 1925-ci ildə Təbriz şəhərində anadan olan Cavad Heyət Tehran və İstanbul universitetlərinin tibb fakültəsində təhsil alıb, Paris Universitetində cərrahlıq ixtisasına yiyələnib, ürək üzərində apardığı uğurlu əməliyyatlar ona dünya şöhrəti qazandırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, 1970-ci ildən nəşr etdirdiyi “Varlıq” dərgisi Cavad Heyətə humanitar sahənin görkəmli mütəxəssisi, Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən biri kimi nüfuz qazandırıb, bu jurnal İranda və bütün dünyada yaşayan Azərbaycan türklərinin milli mənəvi varlığını isbat edən, qoruyan, yaşadan, zənginləşdirən bir nəşr kimi fəaliyyət göstərib. Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə yüksək səviyyədə əvəzedilməz xidmətləri olduğunu söyləyib.
“Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Həmçinin Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatlar aparıb. Onun irsi bu gün də yaşayır”, - deyə AMEA prezidenti bildirib.
Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə çıxış edərək Cavad Heyətin öz məqalələrində milli kimlik, türk tarixinin fəlsəfəsi, digər xalqların etnogeninə dair müqayisəli təhlillər apardığını vurğulayıb, “Varlıq” jurnalının da fəlsəfədən gələn bir məqam olduğunu qeyd edib.
Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Cavad Heyət və “Varlıq” dərgisi milli varlıq uğrunda mübarizədə” mövzusunda məruzə edib. Alim çıxışında Cavad Heyətin fədakar zəhməti sayəsində dəyərli məsləkdaşlarının, geniş ziyalı-tədqiqatçı təbəqəsinin, həmçinin Azərbaycan Respublikasındakı və dünyadakı azərbaycanlı tədqiqatçıların elmi əməkdaşlığı nəticəsində “Varlıq” dərgisinin xalqımızın, eləcə də bütün digər türk xalqlarının milli-mədəni kimliyinin dərk edilməsində, azərbaycançılıq və türkçülük ideyalarının üzvi vəhdətdə mənimsənilməsi və inkişaf etdirilməsində, ədəbiyyatımızın, tariximizin, həmçinin ictimai-siyasi həyatımızın tarixi-mədəni ənənələri və keyfiyyətləri ilə zənginləşməsində misilsiz rol oynadığını deyib.
Konfransda, həmçinin tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “Vətən və millət sevdası ilə keçən ömür”, filologiya elmləri doktoru Pərvanə Məmmədli “Varlıq” dərgisində Azərbaycan dili və mədəniyyəti məsələləri”, dosent Nəzakət İsmayılova “Cavad Heyətin sahibi və redaktoru olduğu “Varlıq” dərgisinin tədqiqinə dair”, dosent Əli Fərhadov “Cavad Heyətin əsərlərində dini maarifçilik məsələləri”, elmi işçi Yasəmən Mahmudova (Qaraqoyunlu) “Cavad Heyət və türkçülük”, Məhəmməd Rza Heyət “Professor Cavad Heyətin elmi araşdırmalarının əsas qayəsi və “Varlıq” dərgisinin missiyası”, tarix elmləri doktoru Tahirə Həsənzadə “Doktor Cavad Heyətlə bağlı xatirələr” və dosent Faiq Ələkbərli “Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələsi” mövzusunda məruzə ediblər.
Həmçinin Azərbaycan Respublikasının İran İslam Respublikasındakı keçmiş səfiri Cavanşir Axundovun, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, dosent Şölət Zeynalovun, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlının və biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayevin çıxışları dinlənilib.
Sonda alimin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.