Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) təkmilləşdirilməkdə olan fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib. Bu müzakirə Bakı şəhəri ümumi təhsil müəssisələrinin fənn müəllimləri və müəllif heyətinin iştirakı ilə keçirilib.
ARTİ-dən “Tehsil365”ə bildirilib ki, görüşün məqsədi təkmilləşdirmə prosesinin əvvəlində müvafiq fənn müəllimlərinin cari fiziki tərbiyə fənn kurikulumu haqqında fikirlərini öyrənmək, güclü və zəif tərəflərini müzakirə etmək, irad və təkliflərini təkmilləşdirmədə nəzərə almaq olub.
Görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş fənn kurikulumları və təkmilləşdirmə prosesi barədə məlumat verib və fiziki tərbiyə fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib.
Müzakirədə aktiv iştirak edən müəllimlər maraqlı təkliflərlə çıxış ediblər və tədris prosesində məzmunla bağlı rastlaşdıqları çətinliklər və onların həlli yolları barədə fikirlər səsləndiriblər.
Daha sonra işçi qrupunun üzvləri kurikulumun təkmilləşdirilməsi zamanı nəzərə alınmalı məqamları iştirakçılarla bölüşüblər. Planlanan dəyişikliklər müzakirəyə çıxarılıb və görülməsi nəzərdə tutulan işlərin əhəmiyyəti iştirakçılar tərəfindən müsbət qiymətləndirilib. Yenilənəcək məzmunun dərsliklərdə düzgün ehtiva olunmasının və bu fənni tədris edən müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşmənin uğuruna təsiri xüsusilə vurğulanıb.