Mayın 7-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Beyrək Bağırovla görüş keçirib.
"Tehsil365" xəbər verir ki, görüş zamanı Vüqar Dadaşov ölkəmizdə idmana və idmançılara göstərilən yüksək diqqət və qayğıdan danışıb, gənclərin bu sahədə əldə etdiyi nailiyyətlərin əhəmiyyətini vurğulayıb. O, Beyrək müəllimi Bolqarıstanın Plovdiv şəhərində keçirilən ənənəvi “World Open Savate” beynəlxalq turnirində gümüş medal qazanması münasibətilə təbrik edib və bu uğurun həm region, həm də ölkə adına qürurverici olduğunu qeyd edib.
Beyrək Bağırov isə göstərilən diqqət və etimada görə təşəkkürünü bildirib və gələcəkdə idmanın inkişafı və təbliği istiqamətində əzmlə çalışacağını vurğulayıb.
Görüşün sonunda Qazax-Tovuz Regional Təhsil İdarəsi adından Beyrək Bağırova Təşəkkürnamə və hədiyyə təqdim olunub.
Qeyd edək ki, Beyrək Bağırov savate (Fransa boksu) idman növü üzrə milli komandanın üzvüdür və bir sıra respublika və beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edib.