Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əcnəbi qonaqların daha çox marağına səbəb olan və tez-tez üz tutduqları məkanlardandır. Hər gün müxtəlif ölkələrdən gələn qonaqlara qapısını açan muzeyi İsraildən gələn bir qrup turist ziyarət edib.
Muzeydən “Tehsil365"ə bildirilib ki, İsrail ziyalılarından ibarət turist qrupu muzeyin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırovanın təqdimatında tanış olublar. Muzeyin əməkdaşı turistlərə Ədəbiyyat Muzeyinin 80 illik tarixindən də söz açıb.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaqlar xalqımızın qonaqpərvərliyini, xüsusilə milli-mənəvi irsimizə göstərilən qayğını dəyərləndiriblər.
Muzeyin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazan israilli şair Samir Tafiş ədəbiyyatımızı əks etdirən Ədəbiyyat Muzeyi ilə tanışlıqdan məmnun olduğunu bildirib.