2025-ci il mayın 12-də Xəzər Universiteti Konfrans və İstirahət Mərkəzinin Buzovnada yerləşən “İnci Hotel”ində İqtisadiyyat və menecment fakültəsinin Turizm işinin təşkili ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri üçün informasiya-təcrübə sessiyası təşkil olunub.
"Tehsil365" xəbər verir ki, sessiyaya “İnci Hotel”in geniş təcrübəyə malik əməkdaşı Cabir Feyzullayev rəhbərlik edib. O, müəssisənin fəaliyyəti, strateji idarəetmə prinsipləri və xidmət standartları barədə geniş təqdimatla çıxış edib, karyera yolunda qazandığı təcrübələri və turizm sektorunda uğur qazandıran amilləri tələbələrlə bölüşüb.
İnteraktiv şəkildə keçən sessiyada tələbələr fəal iştirak edərək sahəyə dair aktual suallar verib, otelçilik sənayesində nəzəri biliklərin praktikaya tətbiqi, müştəri məmnuniyyətinin təmin olunması və müasir idarəçilik üsulları haqqında faydalı məlumatlar əldə ediblər.
Tədbirdə çıxış edən İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Raziə İsaeva turizm sahəsində nəzəri biliklərlə praktiki təcrübənin vəhdətinin vacibliyini vurğulayıb və otel rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirin sonunda tələbələr üçün otelin infrastrukturu və xidmət sahələri ilə tanışlıq məqsədilə ekskursiya təşkil olunub.