Azərbaycan Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyə və dərinləşdirməyə davam edir. Universitet son illərdə Özbəkistanın ali təhsil müəssisələri ilə də əməkdaşlıq müqavilələri imzalayır, birgə elmi tədbir və layihələr həyata keçirir.
Universitetdən “Tehsil365”ə bildirilib ki, qardaş ölkənin daha bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq istiqamətində ilk addımlar atılıb. Belə ki, Özbəkistanın İctimai və Siyasi Fənlər İnstitutunun rektoru Muzafar Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib. Qonaqlar universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə görüşüb, universitetin tədris binası, maddi-texniki bazası, auditoriya, mərkəz və laboratoriyaları ilə tanış olublar.
Tərəflər arasında keçirilən görüşdə rektor Səadət Əliyeva nümayəndə heyətinə rəhbərlik etdiyi təhsil müəssisəsi barədə ətraflı məlumat verib, təhsil, tədqiqat, infrastruktur, beynəlxalq əlaqələr və əməkdaşlıq ilə bağlı hədəflərini açıqlayıb.
Qonaq rektor Muzafar Mamayusupov, öz növbəsində, İctimai və Siyasi Fənlər İnstitutundan bəhs edib, ali təhsil ocaqları arasında əməkdaşlığın hər gün daha da inkişaf edən və zənginləşən Azərbaycan-Özbəkistan əlaqələrinə yeni töhfə olacağını bildirib.
Mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsinin də aparıldığı görüşün sonunda Anlaşma Memorandumu imzalanıb.
Sənədi rektorlar Səadət Əliyeva və Muzafar Mamayusupov imzalayıblar. Memorandumda qarşılıqlı maraq doğuran məsələlər öz əksini tapıb.