Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan jurnalistikası tarixi” fənni üzrə II kurs tələbələri tərəfindən hazırlanmış “Mətbuat tarixi tələbələrin gözü ilə” adlı açıq dərs keçirilib.
Universitetdən “Tehsil365”ə bildirilib ki, “Milli mətbuat tarixi” auditoriyasında təşkil edilən açıq dərs “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfransın sonuncu günündə Türkiyənin Üsküdar və Ankara universitetlərinin professor-müəllim heyətinin iştirakı ilə keçirilib. Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev milli mətbuat ənənələrinin öyrənilməsinin gənc jurnalistlərin yetişməsində mühüm rola malik olduğunu bildirib. Beynəlxalq konfrans çərçivəsində keçirilən bu dərs həm də Türkiyədən olan alimlərə milli mətbuat tariximiz haqqında geniş informasiya vermək baxımından böyük əhəmiyyətə malikdir.
Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova Azərbaycan mətbuat tarixinin zəngin irsindən danışıb. 1875-1920-ci illər ərzində fəaliyyət göstərən 50-yə yaxın ana dilli mətbu orqanın milli mətbuatın inkişaf yolunun göstəricisi olduğunu deyib. Daha sonra tələbələr mətbuatımızın keçdiyi inkişaf yolu və tanınmış publisistlərin fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli milli mətbuatımızın incilərini özündə əks etdirən belə tələbə tədqiqatlarının təqdim edildiyi dərsin, yubiley ilinə ən böyük töhfələrdən olduğunu vurğulayıb. Bildirib ki, bu gün BDU-nun Jurnalistika fakültəsi yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən peşəkar jurnalist məktəbi rolunu oynayan əsas ali təhsil ocağıdır: “Fakültəmiz üzərinə düşən bu müqəddəs missiyanı yarım əsrdən çoxdur yerinə yetirir. Bu ənənə bundan sonra da davam etdiriləcək”.
Sonda qonaqlara fakültə tələbələrinin hazırladığı “Günəbaxan” jurnalı təqdim edilib.