2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.
MEK-dən “Tehsil365”ə bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu münasibətilə virtual sərgi hazırlanıb.
“Seyid Əzim Şirvani-190” adlı sərgidə böyük söz ustasının həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumatlar, Prezident İlham Əliyevin Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamı öz əksini tapıb. Burada müxtəlif dillərdə müəllifin qəzəl, satira, məktub, təmsil, mənzum hekayətləri, fəlsəfi görüşlərini əhatə edən “Seçilmiş əsərləri”, “Təmsillər, mənzum hekayələr və öyüdlər”, “Seyid Əzim Şirvani və məktəb”, “Aləmdə səsim var mənim”, “Oğluma nəsihət”, “Seyid Əzim Şirvaninin yaradıcılıq yolu” və digər qiymətli nəşrlər yer alıb.
Qeyd edək ki, mayın 20-si görkəmli şairin anım günüdür. MEK-də ənənəvi formatda da təşkil edilən sərgi ilboyu oxucular və ziyarətçilər üçün açıq olacaq.