"2025-ci ildə planetimizi 50-yə qədər maqnit fırtınası gözləyir".
“Tehsil365” xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Maarif Universitetinin Nəzəri və Tətbiqi Nanotexnologiya Laboratoriyasının mühəndisi, fizik Roman Kuçerov bildirib.
Onun sözlərinə görə, bəşəriyyət təkcə texniki sistemlərə təsir etməyən, həm də tropik enliklərdə qütb parıltısı kimi nadir hadisələrə səbəb ola biləcək ekstremal maqnit həyəcanlarına hazır olmalıdır.
"Orta hesabla, Yerdə ildə 30-35 orta intensivlikli maqnit fırtınası baş verir. Lakin yüksək Günəş aktivliyi dövrlərində bu rəqəm 50-yə çata bilər. 2025-ci il isə müxtəlif gücə malik geomaqnit həyəcanlarının sayının maksimuma çatacağı belə aktiv illərdən biri olacaq. Elektrik cihazları və avadanlıqlara ciddi təsir göstərə biləcək ekstremal maqnit fırtınaları da istisna deyil", - deyə Kuçerov xəbərdarlıq edib.
Alim 1859-cu ildə baş verən və müşahidə tarixində ən güclü maqnit fırtınası hesab edilən əfsanəvi "Kerrinqton hadisəsini" xatırladıb. Həmin fırtına teleqraf sistemlərinin genişmiqyaslı sıradan çıxmasına və hətta tropik enliklərdə qütb parıltılarının müşahidə olunmasına səbəb olmuşdu.
"Bizim yüksəktexnologiyalı dövrümüzdə belə bir hadisənin təkrarlanması daha ciddi nəticələrə səbəb ola bilər", - deyə fizik əlavə edib.
Roman Kuçerovun izahına görə, maqnit fırtınaları Günəşdə baş verən partlayışlardan sonra Yerin maqnit sahəsində yaranan həyəcanlardır:
"Yüklü hissəcik axınları planetimizin maqnitosferinə çatdıqda, bir neçə saatdan bir neçə günədək davam edən dəyişkənliklər baş verir. Bu həyəcanların gücü birbaşa Günəş aktivliyinin səviyyəsindən asılıdır. Geomaqnit fırtınaları yeni hadisə deyil minlərlə il əvvəl də baş verib və Günəş mövcud olduqca, baş verməyə davam edəcək", - deyə Kuçerov bildirib.
Alimin sözlərinə görə, 2025-ci ildə Yer "həqiqi maqnit fırtınaları" ilə qarşılaşa bilər və insanlıq bu təbiət hadisəsinə vaxtında hazırlaşmalıdır.