Milli Azərbaycan Tarixi Muzeyində “28 May – müstəqilliyimizin şanlı tarixi” adlı intellektual tədbir keçirilib. Tədbirdə “İdrak” liseyinin müəllim heyəti, şagirdləri və muzey əməkdaşları iştirak ediblər.
Muzeydən “Tehsil365"ə bildirilib ki, tədbirdə İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, 28 May - Müstəqillik Gününün Azərbaycan tarixində mühüm hadisə olduğunu qeyd edib. F.Şəmsi bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyində belə əlamətdar günlərlə bağlı mütəmadi tədbirlər keçirilir və bu, gənc nəslin maariflənməsində mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə muzeyin əməkdaşı Aynur Babayeva “Cümhuriyyət dövrü tariximizin öyrənilməsi Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında” mövzusunda mühazirə ilə çıxış edib.
Daha sonra “İdrak” liseyinin şagirdləri arasında “Xəmsə” adlı intellektual oyun keçirilib.
Sonda tədbir iştirakçıları Muzeyin Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən ekspozisiya zalı ilə tanış olublar.