Xəzər Universitetinin Tarix və Coğrafiya ixtisası üzrə 2016-cı il bakalavr məzunu, hazırda Koreya Universitetində doktorantura təhsili alan və Koreya Dövlət Təqaüdçüsü olan Günay Kərimovanın elmi məqaləsi nüfuzlu “Ecotoxicology” jurnalında dərc olunub.
“Tehsil365” xəbər verir ki, məqalə “Cellular and individual toxicity of diflubenzuron for the chronic exposure in Daphnia magna: focus on oxidative stress, chitin content, and reproductive outcomes” (“Oksidativ stress, xitin tərkibi və reproduktiv nəticə üzrə fokuslanmaqla diflubenzuronun hüceyrə və fərdi toksikliyinə Daphnia magna-da xroniki təsirlənmə”) adlanır. Elmi işdə həmmüəllif kimi Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müəllimi Rövşən Abbasov da iştirak edib.
Tədqiqatda ətraf mühitdə rast gəlinən konsentrasiyalarda su ekosistemlərinin əsas nümayəndələrindən olan Daphnia magna adlı su birəsinə qarşı diflubenzuron (DFB) adlı həşərat böyüməsini tənzimləyən maddənin uzunmüddətli təsirləri araşdırılıb. Tədqiqat xüsusilə oksidativ stress, xitin tərkibi və reproduktiv nəticələrə diqqət yetirməklə diflubenzuronun hüceyrə və fərdi səviyyədə toksik təsirlərini qiymətləndirib.
Qeyd edək ki, məqalənin dərc olunduğu “Ecotoxicology” jurnalı “Scopus”, “Web of Science (Science Citation Index Expanded - SCIE)” və “PubMed” kimi beynəlxalq elmi bazalarda indekslənir.
Daha ətraflı məlumat üçün: https://doi.org/10.1007/s10646-025-02897-6