İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Startup School 3” layihəsi ilə bağlı infosessiya keçirib.
“Tehsil365” xəbər verir ki, tədbirdə universitetin innovasiya və sahibkarlıqla maraqlanan tələbələri, startap komandaları, gənc tədqiqatçılar iştirak ediblər. Sessiyanın əsas məqsədi “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında iştirak imkanlarını izah etmək və gəncləri innovasiya və sahibkarlığa cəlb etmək olub.
Təqdimatla çıxış edən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov proqramın mərhələləri, məqsədləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib. O bildirib ki, bu təşəbbüs yaşıl texnologiyalar və rəqəmsal həllər üzrə fəaliyyət göstərən startapları dəstəkləyərək innovativ mühitin formalaşmasına və regional əməkdaşlığın inkişafına xidmət edir.
İnteraktiv formatda təşkil olunan sessiya çərçivəsində iştirakçılara proqramın seçim meyarları, təlim və mentorluq imkanları, həmçinin beynəlxalq tərəfdaşlıqlarla bağlı ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı Mərkəzi Asiya və İpək Yolu boyunca yerləşən ölkələrdən olan innovativ startapların iştirakını nəzərdə tutur. Proqramın əsas məqsədi gənc innovatorların bilik və bacarıqlarını təkmilləşdirmək, onları rəqabətli qlobal bazarlara hazırlamaq, eləcə də rəqəmsal və ekoloji baxımdan dayanıqlı texnoloji həllərin inkişafını təşviq etməkdir. Akselerasiya proqramına startapların qeydiyyatı 1 avqust 2025-ci il tarixinədək davam edəcək.