Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Bir əsrlik söz karvanı” adlı ədəbi-bədii təqdimat keçirilib. Tədbirdə Özbəkistanın Nəvai adına Daşkənd Dövlət Universitetinin bir qrup əməkdaşı, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Bu barədə “Tehsil365”ə BDU-dan məlumat verilib.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudova “İfadəli oxu” fənninin tələbələr üçün əhəmiyyətindən, bu bacarığı inkişaf etdirmək üçün davamlı olaraq belə tədbirlərin keçirilməsinin vacibliyindən, Bəxtiyar Vahabzadə poeziyasının bənzərsizliyindən və əsərlərinin ifadəli oxu baxımından önəmindən söz açıb.
Sonra Bəxtiyar Vahabzadənin ifasında “Vətən” şeirinin səsləndirildiyi videoçarx nümayiş olunub.
Tələbələr Bəxtiyar Vahabzadənin fəlsəfi, dini və vətənpərvərlik mövzularında yazılmış şeirlərindən parçalar səsləndiriblər. “Fəryad” pyesindən videoçarxlar göstərilib və şairin dramaturgiya sahəsindəki fəaliyyətindən danışılıb.
Sonda tələbələr “Azərbaycan-Türkiyə” mahnısını ifa ediblər.
Sonda Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva Bəxtiyar Vahabzadə yaradıcılığının bədii-fəlsəfi mükəmməlliyindən danışıb.