Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün DAAD-ın təqaüd proqramları ilə bağlı məlumat xarakterli görüş təşkil edib.
BDU-dan “Tehsil365”ə bildirilib ki, görüşdə DAAD-ın Tbilisidəki regional ofisinin rəhbəri Gebhard Reul tələbələrə Almaniyada təhsil və tədqiqat imkanları barədə ətraflı məlumat verib.
Görüş iştirakçıları DAAD-ın missiyası, bakalavriat və magistratura səviyyələri üzrə təqaüd proqramları, eləcə də yay alman dili kursu təqaüdləri (alman dili bacarıqları minimum A2 səviyyədə olan II-III kurs bakalavr tələbələri, I kurs magistratura tələbələri üçün) haqqında məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycanın təhsil məkanında 1987-ci ildən fəaliyyət göstərən DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən, təlim və tədqiqat proqramlarını maliyyələşdirən təşkilatdır.