Mayın 22-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşanın Torun şəhərində keçirilən XII Beynəlxalq Asiya Konqresinin açılış mərasimində çıxış edib. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan diplomatlar və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
"Tehsil365" xəbər verir ki, çıxışında rektor Anar Nağıyev beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışaraq, bu dövrdə sülhə, əməkdaşlığa və dinc yanaşı yaşamağa daha çox ehtiyac duyulduğunu vurğulayıb. O, həmçinin qlobal Şimal və Cənub arasında mövcud olan toqquşmanın əməkdaşlıq və inkişaf fürsətinə çevrilməsinin vacibliyinə diqqət çəkib.
Rektor Cənubi Qafqaz regionunun son 30 ildə keçdiyi geosiyasi transformasiyalara toxunaraq, bu proseslərin inteqrasiya imkanlarına təsirini qeyd edib. Prezident İlham Əliyevin fikirlərinə istinad edən Anar Nağıyev, regionun potensialının tam reallaşdırılmadığını bildirib.
Anar Nağıyev çıxışında Azərbaycanın multikultural dəyərlərini və dinc yanaşı yaşama prinsipini önə çəkərək, bu modelin regional sabitliyin təmin olunmasında nümunə ola biləcəyini qeyd edib. O bildirib ki, müxtəlif etnik və dini qrupların birgə yaşadığı Azərbaycan bu gün regional inteqrasiyada mühüm rol oynayır.
Rektor Türk Dövlətləri Təşkilatının regional inteqrasiya və inkişafda artan rolunu vurğulayaraq, təşkilatın yeni geosiyasi platformaların mərkəzində dayandığını bildirib. O, Azərbaycanın Avropa, Asiya, Türk dünyası və İslam ölkələri ilə fəal əməkdaşlığını qeyd edib və ölkəmizin islamofobiya və müstəmləkəçiliyə qarşı mübarizədə mühüm platformalardan birinə çevrildiyini deyib.
Anar Nağıyev çıxışında Azərbaycanın 2019–2024-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər – insan inkişafı, iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasına qarşı qlobal səylər – barədə məlumat verib. O, Azərbaycanın bu sahədə artan beynəlxalq rolunu COP29-a ev sahibliyi etməsi ilə əlaqələndirib.
Enerji və nəqliyyat sahəsində Azərbaycanın artan əhəmiyyətinə toxunan rektor, ölkənin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri olduğunu qeyd edib. Azərbaycan Çinin dördüncü ən böyük ticarət tərəfdaşıdır və resursların daşınması ikitərəfli münasibətlərdə mühüm rol oynayır.
Rektor yaşıl enerji sahəsində həyata keçirilən layihələrdən və 2022-ci ildə Avropa İttifaqı ilə imzalanan enerji üzrə strateji tərəfdaşlıq sazişindən söz açaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu vurğulayıb. O, həmçinin bu ilin aprel ayında Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfərini xatırladaraq, Azərbaycanın strateji enerji tərəfdaşı kimi əhəmiyyətini qeyd edib.
Çıxışının sonunda Anar Nağıyev Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunu xatırladaraq, ölkənin təcavüzə məruz qalan bir dövlətdən etibarlı tərəfdaşa və qlobal Şimalla Cənubu birləşdirən regional mərkəzə çevrildiyini bildirib.