Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb.
Universitetdən “Tehsil365”ə bildirilib ki, BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov gənclərin elmə marağını artırmaq məqsədilə ənənəvi olaraq keçirilən elmi konfransın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, belə konfranslar gənc tədqiqatçıların qazandıqları elmi nailiyyət və təcrübələrin paylaşılması, ortaq problemlərin müzakirəsi, onların həlli yolları üçün təkliflərin irəli sürülməsi, o cümlədən beynəlxalq əməkdaşlıq baxımından böyük önəm daşıyır. Prorektor çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə iqtisadi, mədəni və elmi sahələrdə mühüm uğurlara imza atıldığını, gənclərin inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda, gənclərin hazırda beynəlxalq elm aləmində layiqli yer tutmasını Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi qiymətləndirib.
Prorektor beynəlxalq tədbirə Polşa, Gürcüstan, Norveç, Pakistan və Rusiyadan olan tədqiqatçıların qatıldığını bildirib. Həmçinin konfransa 472 müraciətin daxil olduğunu, yüksək elmi standartlar əsasında aparılan dəyərləndirmə nəticəsində 357 məqalənin qəbul edildiyini deyən Ağası Məlikov aparılacaq müzakirələrin gələcəkdə elmi innovasiyalara yol açacağını, cəmiyyətimizin inkişafına müsbət təsir göstərəcəyini söyləyib.
Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis müavini Cəmilə Namazova beynəlxalq konfransa gənc tədqiqatçıların böyük maraq göstərməsinin sevindirici hal olduğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafı, gənclərin elmi potensialının artırılması üçün həyata keçirilən məqsədyönlü dövlət siyasətindən ətraflı bəhs edib. Habelə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində elmdə qazanılan nailiyyətləri nəzərə çatdırıb. Eyni zamanda, Ümummilli Lider tərəfindən əsası qoyulan xaricdə təhsil ənənəsinin ölkəmizə peşəkar kadrlar qazandırdığını və hazırda bu istiqamətdə icra olunan dövlət proqramları nəticəsində gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssis kimi yetişərək Azərbaycanın inkişafına töhfələr verdiklərini bildirib. Cəmilə Namazova çıxışının sonunda konfransın həm yerli, həm də xarici universitet, akademiya, elmi-tədqiqat institutlarında fəaliyyət göstərən əməkdaşlar üçün tədqiqatlarını təqdim etmək, elmi nailiyyətlərini tanıtmaq baxımdan uğurlu platforma olduğunu deyib.
Sonra konfransın plenar iclası başlayıb. İclasda BMU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Ərtuğrul Qayıbov və Ümumi fənlər kafedrasının baş müəllimi Elnur Nəciyevin elmi məruzələri dinlənilib.
Müzakirələrin ardınca məruzəçilərə sertifikatlar təqdim olunub.
Ümumilikdə 20-dən artıq elmi istiqaməti əhatə edən ikigünlük konfrans öz işini bölmə iclasları ilə davam etdirir.