Əmək bazarında baş verən dəyişikliklərlə əlaqədar olaraq 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq.
“Tehsil365” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
“Əmək bazarında rəqabət qabiliyyətli olmaq üçün yeni bacarıqlara ehtiyac var. Bu bacarıqların transformasiyası zəruridir. Növbəti illərdə kibertəhlükəsizlik, analitik düşüncə, problemlərin həllinə kreativ yanaşma və rəqəmsal savadlılıq gələcək illərin əsas bacarıqlarına çevriləcək. Belə bir dövrdə gənclərimizin qlobal çağırışlara cavab verən bilik və bacarıqlara yiyələnməsi xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal iqtisadiyyat hər bir ölkədə olduğu kimi bizdə də iqtisadiyyatda, ümumi daxili məhsulda payını artırır. Bu proses Azərbaycandan da yan keçmir. Lakin istəyimiz müşahidəçi deyil, bu prosesin önündə gedənlərə çevrilməkdir. Amma bunun üçün də ən vacibi insan kapitalı, ixtisaslı kadrlardır”, - deyə Səməd Bəşirli əlavə edib.