Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri ilə görüşüb.
BDU-dan “Tehsil365”ə bildirilib ki, görüşdə rektor ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd edib, gənclər təşkilatlarının bu siyasətdə mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, elmi və tədris fəaliyyəti ilə yanaşı, BDU ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına önəmli töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir. BDU-nun tələbə gənclər təşkilatları universitetin sosial-ictimai həyatının əsas aparıcı qüvvəsinə çevrilib.
Elçin Babayev hazırda BDU-nun dünya reytinqlərində önəmli irəliləyişlər əldə etdiyini və bu məsələdə tələbə gənclərin də danılmaz rolunun olduğunu bildirib, bu fəaliyyətlərdə universitetin daim tələbələrin yanında olduğunu qeyd edib.
Rektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb.
Qeyd edək ki, hazırda BDU-da “BDU könüllüləri” təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və “YENİ Klub” fəaliyyət göstərir.