Mayın 29-da Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə regional bölməsi keçirilib.
“Tehsil365” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar. Plenar iclasdan öncə Ulu Öndərin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev konfrans iştirakçılarını salamlayaraq, “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın regional bölmələrinin artıq ənənəvi xarakter aldığını bildirib. Qeyd olunub ki, əvvəlki illərdə konfransın regional bölmələri Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı ilə birgə Lənkəran və Quba şəhərlərində təşkil edilib.
Anar Nağıyev bildirib ki, mayın 7-8-də BSU-da keçirilmiş əsas konfransın məqsədi müasir dövrün Azərbaycanı ilə bağlı qlobal və milli çağırışların elmi müstəvidə müzakirəsidir. O, konfransa Azərbaycan, Türkiyə, Rusiya, Şimali Makedoniya və İndoneziyadan ümumilikdə 255 müraciət daxil olduğunu, onlardan 167-nin məruzə üçün qəbul edildiyini və 4 dildə keçirilən bölmə iclaslarında 142 məruzənin dinlənildiyini qeyd edib.
Konfrans çərçivəsində “Heydər Əliyev və Güclü Azərbaycan”, “Qərbi Azərbaycan: milli irs və qayıdış hüququ”, “Yeni dövrün çağırışları: milli ideya və gələcəyə baxış”, “Konstitusiya və suverenlik”, “Müharibə və postmüharibə dövrü ədəbiyyatda və incəsənətdə”, “Yeni geosiyasi mərkəz – Türk dünyası” kimi müxtəlif istiqamətlər üzrə mühüm mövzular müzakirə olunub.
BSU-nun rektoru Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının müasir Azərbaycanın inkişafının təməlini təşkil etdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müəyyənləşdirdiyi inkişaf prioritetləri, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, eləcə də Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirak etdiyi görüşün əhəmiyyəti barədə danışıb.
Anar Nağıyev çıxışının sonunda konfransın Gəncə regional bölməsinin təşkilinə verdikləri dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinə, Gəncə Dövlət Universitetinə (GDU), Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) və Azərbaycan Texnologiya Universitetinə (ATU) təşəkkürünü bildirib.
Plenar iclasda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev konfransın Gəncədə keçirilməsini şəhərin elmi və ictimai həyatı üçün əlamətdar hadisə kimi qiymətləndirib.
Tədbirdə həmçinin GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Vüqar Rəhimzadə və ATU-nun prorektoru Şahmar Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar və zəfər tariximizlə bağlı fikirlərini bölüşüblər.
Plenar iclasdan sonra GDU-da konfransın bölmə iclası keçirilib. BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri Əsgər Əhmədin moderatorluğu ilə baş tutan iclasda BSU, GDU və ADAU nümayəndələri tərəfindən elmi məruzələr təqdim olunub.