Bakı Dövlət Universiteti (BDU) Daşkənddə təşkil olunmuş “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir. Təhsil sərgisi Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 27-31 may tarixlərində Elm və Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində keçirilir.
“Tehsil365” xəbər verir ki, sərgidə BDU-nun stendi nümayiş olunub. Sərgi iştirakçılarına təhsil müəssisəsinin imkanları, elmi-tədqiqat yönümlü və sosial layihələri, xarici ölkə universitetləri ilə ikili diplom proqramları haqqında ətraflı məlumat verilib. BDU-nun fəaliyyətini əks etdirən kitab və qəzetlər, elmi-tədqiqat jurnalları, broşür və bukletlər ziyarətçilərdə maraq doğurub.
Sərginin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və Azərbaycanda təhsil alan xarici tələbələrin sayını artırmaqdır.

