Ali təhsil yalnız diplom əldə etmək deyil, həm də fərdi inkişaf, iqtisadi rifah və cəmiyyətin tərəqqisi üçün əsaslı bir vasitədir. Azərbaycanda ali təhsilin rolu və əhəmiyyəti son illərdə daha da artmış, bu sahədə müxtəlif islahatlar və təşəbbüslər həyata keçirilmişdir.
Ali təhsilin fərdi və ictimai əhəmiyyəti
Ali təhsil fərdlərə yalnız ixtisas bilikləri qazandırmaqla kifayətlənmir, həm də onların sosial bacarıqlarını, tənqidi düşünmə qabiliyyətini və liderlik xüsusiyyətlərini inkişaf etdirir. Bu yaxınlarda iştirak etdiyim "Müasir təhsildə innovasiya" adlı panel müzakirəsində qeyd olunan bir tezisi vurğulamaq istəyirəm: “Ali təhsil ocaqlarının mövcud həqiqətləri öyrətməkdən çox, düşüncə və araşdırma qabiliyyətini artırmaq kimi bir mühüm öhdəliyi vardır.”
Əlavə olaraq, ölkəmizin universitetlərində elmi tədqiqat və inkişaf sahəsindəki vəziyyət dinamik şəkildə irəliləyir. Lakin yekun məqsəd ideal bir sistemi yaratmaqdan çox, maksimum əldə olunabiləcək tərəqqi etmiş bir sistemə çıxış imkanı yaratmaqdır. Elmi baxımdan desək, ideal bir sistemə çatmamaq müxtəlif struktur problemlərin mövcudluğunu göstərə bilər. Bununla belə, bu çatışmazlıqlar, cəmiyyətdə inkişafın tamamilə dayanması və ya təhsilin ümumiyyətlə əhəmiyyətsiz olması kimi yanlış və əsassız qənaətləri formalaşdırmamalıdır.
Bu baxımdan universitetlər yalnız “diplom” anlayışı ilə məhdudlaşmamalı, əksinə, “tədqiqat”, “resurslardan səmərəli istifadə”, “ictimaiyyət üçün faydalı məhsul və məlumatlar istehsalı” kimi anlayışlar ön plana çıxmalıdır.
OECD-nin hesabatlarına görə, ABŞ və Avropa İttifaqında universitet məzunlarının orta gəlir səviyyəsi, ali təhsili olmayanlarla müqayisədə 60–75% daha yüksəkdir. Bu nisbət Braziliya, Çili və Türkiyə kimi ölkələrdə təxminən 150%-dir. Azərbaycanda da ali təhsilin subyektiv həyat keyfiyyətinə təsiri əhəmiyyətlidir. Ali təhsilli şəxslər əmək bazarında daha rəqabətqabiliyyətli olur və onlarda işsizlik riski daha azdır. Bundan əlavə olaraq, ali təhsil fərdlərin cəmiyyətə daha fəal və məsuliyyətli vətəndaşlar kimi inteqrasiyasına kömək edir.
Azərbaycanda ali təhsilin mövcud vəziyyəti və statistik göstəricilər
Azərbaycanda dövlət büdcəsinin təhsilə ayrılan payı 12% təşkil edir. Bunun 15,2%-i isə ali təhsilə yönəldilir. Bu göstərici bəzi beynəlxalq standartlarla müqayisədə nisbətən aşağı görünsə də, ölkəmizin inkişaf potensialı və təhsilə olan ictimai maraq nəzərə alınaraq kifayət qədər müsbət qiymətləndirilə bilər. Ali təhsil müəssisələrinin inkişafında yalnız dövlətin deyil, cəmiyyətin müxtəlif təbəqələrinin – özəl şirkətlərin, qeyri-hökumət təşkilatlarının və fərdi təşəbbüskarların da aktiv iştirakı vacibdir.
Əcnəbi tələbələrin sayı da ali təhsilin beynəlmiləlləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda, Azərbaycanda 105 ölkədən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu, əvvəlki illərə nisbətən 10% artım deməkdir. Xaricdə təhsil alan azərbaycanlıların sayı isə 45 mini keçmişdir.
Ali təhsil müəssisələrinə qəbul prosesinin təşkili
Azərbaycanda ali təhsilə qəbul prosesi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Bu prosesdə şəffaflıq və ədalətlilik prinsipləri əsas götürülür. İmtahan nəticələrinin obyektiv qiymətləndirilməsi, abituriyentlərin bilik səviyyəsinin dəqiq müəyyənləşdirilməsi və müasir texnologiyaların tətbiqi sayəsində qəbul prosesi beynəlxalq standartlara uyğun aparılır.
DİM yalnız imtahanların təşkili ilə kifayətlənmir, eyni zamanda abituriyent və tələbələrin inkişafına yönəlmiş müxtəlif təlimlər, beynəlxalq proqramlar və könüllülük layihələri ilə ali təhsilə mühüm töhfə verir.
Ali təhsilin inkişafı üçün islahatlar və gələcək perspektivlər
Azərbaycanda ali təhsilin inkişafı üçün bir sıra mühüm islahatlar həyata keçirilmişdir. “Ali təhsil haqqında” yeni qanun layihəsi ali təhsilin dörd səviyyədə təşkilini və bu səviyyələr arasında keçidlərin asanlaşdırılmasını nəzərdə tutur. Bu yanaşma, təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması və əmək bazarına uyğun kadrların hazırlanması məqsədini daşıyır.
Bolonya prosesi çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi və ali təhsil müəssisələrinin strukturunun modernləşdirilməsi də bu sahədə əsas prioritetlərdəndir. Bununla belə, ölkəmizin sosial-iqtisadi mühiti nəzərə alınaraq, tamamilə yeni sistemin tətbiqi əvəzinə, mövcud təhsil strukturunda effektiv və davamlı dəyişikliklər həyata keçirilməlidir.
Sadə bir nümunə: bir avtomobilin rəngini dəyişmək onun funksionallığını artırmır, yalnız estetik görünüşünü dəyişir. Təhsil sistemində də dəyişikliklər sadəcə vizual yox, funksional və davamlı olmalıdır.
Mövcud problemlər:
Əmək bazarının tələblərinə uyğun kadr hazırlığının zəifliyi;
Elmi-tədqiqatların tədrisə inteqrasiyasında çətinliklər;
Maddi-texniki bazanın zəifliyi;
Müəllimlərin ixtisasartırma imkanlarının məhdudluğu.
Bu problemlərin həlli istiqamətində innovativ yanaşmalar və beynəlxalq təcrübənin tətbiqi zəruridir.
Praktik nümunələr və yeni təşəbbüslər
2023–2024-cü tədris ilində bakalavriat səviyyəsinə 54 275, magistraturaya isə 13 567 nəfər qəbul olunub. Bunlardan 29 242 bakalavr və 7 478 magistr ödənişli, qalanları isə dövlət sifarişi əsasında təhsil alır.
Qarabağ Universitetinin yaradılması da bu sahədə atılan mühüm addımlardandır. 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan universitetdə 6 fakültə və 27 ixtisas üzrə bakalavriat tədrisi həyata keçirilir. 2025-ci ildə qəbul planı 28,5% artırılaraq 1440 yerə çatdırılıb.
Bundan başqa, Çin, Qazaxıstan, Tacikistan və Macarıstan kimi ölkələrdən 116 əcnəbi tələbə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycanın nüfuzlu universitetlərində təhsil alır.
Nəticə
Bütün bu addımlar Azərbaycanda ali təhsilin inkişafına ciddi təkan vermişdir. Lakin problemlərin tam aradan qaldırılması üçün dövlət, cəmiyyət və ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir.
Ali təhsil yalnız fərdi uğurun deyil, həm də milli inkişafın təməl sütunlarından biri kimi qiymətləndirilməlidir. Bu sahədə atılan addımlar gələcək nəslin daha savadlı, düşünən və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına xidmət edir.
Vüsal Mürsəl oğlu Babarabov
ADNSU, Kimya mühəndisliyi (ingilis bölməsi), II kurs tələbəsi