2024/2025-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının buraxılış kursunda təhsil alan tələbələrin pedaqoji təcrübəsi uğurla başa çatıb.
ADPU-nun Şamaxı filialından “Tehsil365”ə bildirilib ki, təcrübənin yekunları ilə əlaqədar konfrans keçirilib. Konfransda filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək tələbələrin müxtəlif təhsil müəssisələrində pedaqoji təcrübəni uğurla keçdiyini, onlardan bir çoxunun fəxri fərmanlarla təltif olunduğunu bildirib.
Filialın direktoru çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramını xüsusi vurğulayıb. Bildirilib ki, gənc müəllim və mütəxəssislər Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və təhsil prosesində iştirak etməyə hazırdırlar.
Tünzalə Yusifova çıxışında, həmçinin qeyd edib ki, tələbələr filialda təhsil aldıqları illər ərzində yalnız elmi biliklərə yiyələnməklə kifayətlənməyib, həm də filialın və regionun ictimai həyatında fəal iştirak ediblər. Onların həyata keçirdikləri sosial layihələr, ictimai təşəbbüslər və müxtəlif tədbirlərdəki aktivliyi gənclərimizin vətəndaş mövqeyini və liderlik keyfiyyətlərini bir daha nümayiş etdirib
Konfransda, həmçinin pedaqoji təcrübə rəhbəri Zərifə Həmidova, fakültə dekanı Qahirə Şahbazova, təcrübədə fənn metodisti olmuş Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov çıxış ediblər.
Çıxışlarda tələbələrin nəzəri bilikləri praktik mühitdə uğurla tətbiq etdikləri vurğulanıb, onların yüksəkixtisaslı kadr kimi yetişməsi yüksək qiymətləndirilib.
Pedaqoji təcrübədə tarix və coğrafiya müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, təhsildə sosial-psixoloji xidmət və məktəbəqədər təhsil ixtisasları üzrə ümumilikdə 138 tələbə iştirak edib. İstehsalat mərhələsi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki müxtəlif məktəb və bağçalarda təşkil olunub.

