Bu gün, 7 iyun tarixində dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. Beynəlxalq əhəmiyyət daşıyan bu günün əsas məqsədi – qida ilə əlaqəli risklərin vaxtında aşkarlanması, qarşısının alınması və düzgün idarə olunması ilə bağlı ictimai maarifləndirməni gücləndirməkdir. Təhlükəsiz ərzaq istehsalına diqqətin artırılması həm insan sağlamlığına, həm də iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq ticarətə, turizmə və davamlı inkişafa töhfə verir.
"Tehsil365" xəbər verir ki, bu tarix artıq dördüncü dəfə qlobal səviyyədə qeyd olunur. Builki tədbirlərin əsas mövzusu “Təhlükəsiz qida ilə daha sağlam həyat” şüarı ətrafında formalaşıb.
Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü BMT-nin 2018-ci il 20 dekabr tarixli qərarı ilə təsis olunub. Bu qərar ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə birbaşa əlaqəli olması, eyni zamanda qlobal ərzaq istehsalı və təchizatı zəncirinin mürəkkəbliyi, insan sağlamlığı və dünya iqtisadiyyatına olan təsirləri nəzərə alınaraq qəbul edilib.
Qida ilə yoluxan xəstəliklər bir çox hallarda kəskin və xroniki sağlamlıq problemlərinə səbəb olur. Eyni zamanda təhlükəsiz qida istehsalı qida itkisi və tullantılarını azaldaraq həm ətraf mühitə, həm də iqtisadiyyata müsbət təsir göstərir. Bu baxımdan, qida təhlükəsizliyi səhiyyə sistemlərinə düşən yükü də azaldır.
Hazırda 188 ölkə beynəlxalq qida ticarətində təhlükəsizlik və ədaləti təmin edən Kodeks Alimentarius sisteminə uyğun olaraq əməkdaşlıq edir. Qida Təhlükəsizliyi Günü də məhz Kodeks Alimentarius Komissiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfdaşlığı çərçivəsində qeyd olunur.
Azərbaycan da bu təşəbbüsdən kənarda qalmayıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu gün münasibətilə FAO-nun Azərbaycan nümayəndəliyi ilə birlikdə bir sıra maarifləndirici və sosial məsuliyyət tədbirləri həyata keçirib. İstehlakçılar və sahibkarlara sosial şəbəkələr, kütləvi informasiya vasitələri və digər kommunikasiya kanalları vasitəsilə müxtəlif məlumatlar çatdırılıb.
Bundan əlavə, ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində laboratoriya şəbəkəsinin inkişafı da davam edir. Hal-hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində Bakı və Abşeronda 7, regionlarda isə 9 olmaqla cəmi 16 laboratoriya və bölmə fəaliyyət göstərir. Bu laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub və peşəkar kadr potensialına malikdir. Onların əsas fəaliyyəti – ölkədə istehsal olunan, eləcə də idxal və ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinəsinin aparılması, baytarlıq və fitosanitar təhlükəsizliyin təmin olunmasıdır.
Bu günün qeyd olunması qida təhlükəsizliyinə dair biliklərin artırılması və daha sağlam cəmiyyətin formalaşması istiqamətində mühüm addımdır.