Azərbaycan Respublikasının Xalq artisti, tanınmış vokal ustadı Samir Cəfərov Naxçıvan Dövlət Universiteti və universitet nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin Vokal sənəti ixtisasının tələbələri ilə ustad dərsi keçirib.
“Tehsil365” xəbər verir ki, ustad dərsi çərçivəsində tələbələrlə vokal texnikalarının təkmilləşdirilməsi, səhnə mədəniyyətinin formalaşması istiqamətində praktik məşğələlər aparılıb. Samir Cəfərov düzgün nəfəs texnikası, konsertmeysterlə birgə işin vacibliyi, ifa üçün uyğun əsər seçiminin əhəmiyyəti kimi mövzulara geniş şəkildə toxunub.
Dərs zamanı tələbələr klassik və estrada janrında müxtəlif əsərləri səsləndiriblər. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Tofiq Quliyevin “Axşam mahnısı”, Francesco Durantenin “Vergin tutto amor”, Eduardo di Capuanın “’O Sole Mio”, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası və digər vokal sənətinə aid nümunələr üzərində praktik məşğələlər həyata keçirilib.
Tələbələr üçün böyük təcrübə olan bu dərs vokal sənətinin incəliklərinin öyrənilməsi baxımından əhəmiyyətli olub.