İyunun 9-da Naxçıvan Dövlət Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “3-cü Beynəlxalq Elmi Araşdırmalar və İnnovasiyalar Konqresi” keçirilib.
“Tehsil365” xəbər verir ki, konqresin əsas məqsədi müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında elmi əməkdaşlığı gücləndirmək, yeni elmi nailiyyətləri paylaşmaq və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasını stimullaşdırmaq olub. Eyni zamanda tədbir yeni tədqiqat istiqamətlərinin müəyyən olunması və elmi ideyaların geniş müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.
Konqresin açılış mərasimində Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, İKSAD Azərbaycan ofisinin rəhbəri Əlvan Cəfərov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, həmçinin Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura mərkəzinin direktoru Çapay Quliyev çıxış ediblər.
Açılışdan sonra bölmə iclaslarına start verilib. Qeyd edək ki, 9–11 iyun tarixlərini əhatə edən konqres həm üz-üzə, həm də onlayn formatda davam edəcək. Ümumilikdə 17 ölkədən 600-ə yaxın tədqiqatçı 210 elmi iş üzrə məruzə ilə çıxış edəcək. İştirakçıların təqdim etdiyi məqalə və tezislər elmi etik prinsiplərə uyğun şəkildə müzakirə olunacaq.