Bakı şəhəri 264 nömrəli məktəb-liseydə 9-cu sinif şagirdlərindən attestat üçün 20 manat məbləğində pul yığıldığı ilə bağlı yayılan iddialara Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.
Bu barədə "Tehsil365"in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri ictimaiyyətə təqdim ediləcək.
Qurum həmçinin vurğulayıb ki, məktəbin və müəllimlərin fəaliyyətində qanunvericiliyin tələblərinə uyğun olmayan hallara qarşı hər zaman müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Xatırladaq ki, bir neçə gün öncə valideyn Rövşən Zeynallı qızı Xədicə Zeynallının təhsil aldığı 264 nömrəli məktəbdə sinif rəhbərinin attestat üçün 20 manat tələb etdiyini bildirmişdi. Həmin sinfin digər şagirdləri də bu iddianı təsdiqləmişdilər.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi rəsmi şəkildə bəyan etmişdi ki, attestatlar dövlət hesabına verilir və bu sənədlərin alınması üçün valideyn və şagirdlərdən heç bir ödəniş tələb oluna bilməz.