“WhatsApp" mesenceri süni intellektə (AI) əsaslanan yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Bu funksiya istifadəçilərə şəxsi çatlarda, qruplarda və kanallarda oxunmamış mesajların məzmununun qısa xülasəsini əldə etməyə imkan verəcək.
“Tehsil365” oxu.az-a istinadən xəbər verir ki, uzun yazışmalarla tanış olmağı asanlaşdırmaq üçün nəzərdə tutulmuş bu funksiya hazırda yalnız "Android" platformasında beta testerlərin məhdud dairəsi üçün əlçatandır.
Süni intellekt xülasələrini aktivləşdirmək üçün istifadəçilər təhlükəsiz mühitdə sorğuları emal etmək üçün nəzərdə tutulmuş "Private Processing" funksiyasını işə salmalıdırlar. Aktivləşdirildikdən sonra oxunmamış mesajların sayı çox olarsa, standart "X oxunmamış mesajlar" yazısı "Meta AI" qeydi olan düymə ilə əvəz olunacaq. Bu düymənin üzərinə kliklədikdə yazışmaların xülasəsi yaranacaq.
Şirkət vurğulayıb ki, bu funksiyadan istifadə zamanı məlumatların məxfiliyinə xüsusi diqqət yetirilir. Mesajların məzmunu saxlanmır və istifadəçinin hesabı ilə əlaqələndirilmir. Məlumatların emalı təcrid olunmuş "bulud" mühitində həyata keçirilir, hazır xülasələr isə istifadə edildikdən dərhal sonra avtomatik olaraq silinir. Bundan əlavə, genişləndirilmiş məxfilik ("Advanced Privacy") funksiyasının aktivləşdirildiyi dialoqlarda funksiya avtomatik olaraq sönür ki, bu da süni intellektlə hər hansı qarşılıqlı əlaqəni, hətta uçdan-uca şifrələməni də istisna edir.
Hazırda funksiya sınaq mərhələsindədir və tətbiqin beta versiyası vasitəsilə yalnız bəzi "Android" istifadəçiləri üçün əlçatandır. Onun geniş auditoriya üçün tam istifadəyə verilməsi ilə bağlı dəqiq tarix, həmçinin iOS platformasında əlçatan olması və müxtəlif dillər və regionlar üçün dəstəklənməsi haqqında məlumatlar hələ açıqlanmayıb.