1993-cü il 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Milli qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğunu, müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını öz üzərinə götürdü. Ölkədə uzun illər davam edən gərginlik səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və həyata keçirdi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda dönüş başlandı, xalqımızın bütövlüyü, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Milli Qurtuluş xalqımızın xilası, dövlətimizin tərəqqisidir. Ulu Öndərin Qayıdışından, Qurtuluşdan başlanan tarix Azərbaycanı dünyada söz sahibinə çevirib. Üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanan Azərbaycan tərəqqi yolunda yeni uğurlara doğru irəliləyir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Gülöyşə Azadqızı