Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun bazasında profili genişləndirilərək Bakı Slavyan Universiteti yaradılıb. Bu əlamətdar tarix münasibətilə universitetdə elmi tədqiqat prosesinin təşviqi və gücləndirilməsinə həsr olunan “Strateji inkişaf planının icrasına dair” genişləndirilmiş Elmi Şura iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin bu ali təhsil ocağının inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. O, məhz Ulu Öndərin Fərmanı ilə BSU-ya universitet statusunun verildiyini qeyd edib. Rektor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı prioritet sahələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Anar Nağıyev universitetin Strateji İnkişaf Planı çərçivəsində görülən işlər, qarşıya qoyulan vəzifələr və bu istiqamətdə atılan məqsədyönlü addımlar barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, qəbul olunan Strateji Plan yeni dövrün çağırışlarına uyğun olaraq keyfiyyətli təhsil mühitinin formalaşdırılmasını nəzərdə tutur. Son illərdə universitetin bir sıra beynəlxalq reytinqlərdə yer alması və nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması bu istiqamətdə görülən işlərin nəticəsidir.
Rektor, həmçinin universitetdə elmi mühitin inkişafı, elmi tədqiqatların stimullaşdırılması və dəstəklənməsi istiqamətində qəbul olunan qərarları diqqətə çatdırıb və bu prosesdə nəsillərarası elmi kommunikasiyanın əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, böyük elmi uğurlar qazanan görkəmli alimlərin həyat yolu gənc tədqiqatçılar üçün nümunəyə çevrilməlidir.
BSU rəhbəri universitetin “Elmi Əsərlər” jurnalının tarixi ənənələrinin qorunması ilə yanaşı, yeni dövrün çağırışlarına uyğun şəkildə yeni formatda nəşrinin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, jurnalın “Dil və ədəbiyyat” və “İctimai-siyasi elmlər” seriyaları üzrə ilk iki nömrəsinin artıq nəşr edildiyini də diqqətə çatdırıb.
Çıxışının sonunda rektor Anar Nağıyev kollektivi hər iki əlamətdar tarix münasibətilə təbrik edib və hər bir əməkdaşın tədqiqat fəaliyyətinin daim diqqətdə saxlanılacağını bildirib.
İclas çərçivəsində qeyd olunub ki, yeni təsis edilən Baku Journal of Slavic Studies jurnalının ilk nömrəsi 2025-ci ilin oktyabr ayında “Language and Intercultural Engagement” mövzusunda, ikinci nömrəsi isə 2026-cı ilin fevralında “Turkological Research in Slavic Countries” mövzusunda dərc ediləcək. 1955-ci ildə təsis olunmuş “Elmi Əsərlər” jurnalı isə 70 illik yubiley buraxılışı ilə yenidən nəşrə başlanmaqla bərpa edilib.
İclas zamanı, həmçinin BSU-nun beynəlxalq reytinqlər və müvafiq elmi göstəricilər üzrə mövqeyinin möhkəmləndirilməsinə dair fəaliyyət istiqamətləri müzakirə olunub. 2024–2025-ci tədris ili üzrə “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmi bazalarda nəşr olunan məqalələrinə görə fərqlənmiş 20 nəfər universitet əməkdaşı təltif olunub.