İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib.
"Tehsil365" xəbər verir ki, dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və bu günün müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyan dönüş nöqtəsi kimi rolundan bəhs edib. O, çıxışında XX əsrin sonlarında əldə olunan müstəqilliyin daha mürəkkəb və təhlükəli geosiyasi reallıqlar fonunda gerçəkləşdiyini qeyd edib. A.Nağıyev bildirib ki, həmin dövrdə Azərbaycan eyni anda bir neçə təhlükə ilə üz-üzə qaldı: torpaqların işğalı, ölkə daxilində siyasi çəkişmələr, vətəndaş müharibəsi riski, iqtisadi iflic və beynəlxalq təcrid. Belə bir şəraitdə xalqın xilaskara, tarixi şəxsiyyətə ehtiyacı var idi. Tarix bu ehtiyacın cavabını Heydər Əliyev şəxsində verdi. Sovet dövründə Azərbaycanın milli kimliyinin qorunmasında böyük rol oynamış Ulu Öndər, bu dəfə müstəqilliyini yenidən bərpa etmiş, lakin böyük təhdidlər qarşısında olan Azərbaycanın xilasına gəldi. A.Nağıyev qeyd edib ki, Ümumilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlət quruculuğunun əsasları qoyuldu, qanunvericilik və idarəetmə sahəsində sistemli islahatlar başlandı.
Anar Nağıyev çıxışında Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş mühüm qərarlar – atəşkəsin əldə olunması , “Əsrin müqaviləsi”nin imzalanması, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi – ölkənin təhlükəsizliyi və iqtisadi inkişafının təməlini təşkil etdiyini bildirib. O, Ulu Öndərin təməlini qoyduğu bu strategiya sonrakı illərdə Azərbaycanın güclənməsinə, beynəlxalq nüfuzunun artmasına və ərazi bütövlüyünün təmin olunmasına aparan yolu formalaşdırdığını qeyd edib.
Eyni zamanda, rektor Heydər Əliyevinin rəhbərliyi dövründə də milli kimliyin qorunması, təhsil və mədəniyyətin inkişafı, ziyalı təbəqəsinin formalaşması istiqamətində atdığı addımlar, sonrakı müstəqillik dövrünə bir növ hazırlıq mərhələsi olduğunu vurğulayıb. O, bildirib ki, məhz həmin illərdə formalaşan intellektual potensial və milli şüur, Azərbaycanın ağır sınaqlardan keçərək möhkəmlənməsində mühüm rol oynadı.
A.Nağıyev qeyd edib ki, bu gün Azərbaycan artıq suverenliyini bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş, regionda söz sahibi olan bir Azərbaycan dövlətinin reallığını yaşayır. Bu reallığın əsasında isə 1993-cü ildən başlayan qurtuluş strategiyası və Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi dayanır. O, yalnız bir dövrün lideri deyil, həm də müstəqil Azərbaycanın memarı, gələcəyə aparan yolun əsasını qoymuş tarixi şəxsiyyətdir.
Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün zəfərlərin və inkişafın əsasında dayandığını vurğulayıb.
Digər çıxışçılar Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının inkişaf yolundan, onun Qurtuluş missiyasından, təhsil siyasətindəki islahatlarından, dövlətçiliyimizin xilası və milli qürurun bərpası istiqamətindəki misilsiz xidmətlərindən danışıblar.