Məktəb, universitet, dərslik – bunlar sadəcə elm verən qurumlar deyil, şəxsiyyət formalaşdırmalı olan sistemlərdir. Lakin bu gün məzun günlərində səslənən musiqilər, nümayiş olunan rəqslər, şagird və tələbələrin üzərindəki döymələr, simvolik işarələr və mənasız ifadələrlə yazılmış köynəklər cəmiyyət arasında ciddi suallar doğurur: bu sistem gənclərə hansı dəyərləri aşılayıb?
"Tehsil365" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov sosial media hesabında paylaşaraq bildirib:
"Əgər bir şagirdin idealı rep klipindəki zorakı obrazdırsa, əgər universitet məzunu üçün qəhrəmanlıq 'brend' geyinmək, sosial şəbəkədə izləyici yığmaqdırsa – deməli, biz onları yalnız akademik deyil, mənəvi olaraq da tərk etmişik. Biz onlara Vətəni, tarixi, əxlaqı, zəhməti sevdirməmişik. Qəhrəman obrazı yaratmamışıq. Ona görə də onlar xarici filmlərdən, sosial mediadan, bəzən də nihilist musiqilərdən özlərinə 'qəhrəman' düzəldirlər."
Ekspert əlavə edib ki, bu, sadəcə bir estetika problemi deyil, gələcəyin kimə çevriləcəyinin göstəricisidir:
"Niyə məktəblinin köynəyində milli qəhrəmanın şəkli, yaxud 'mən müəllimimi sevirəm' cümləsi yox, məchul oğru aləminin işarəsi yazılıb? Niyə məzun musiqisi Qarabağ Zəfərindən yox, Los-Anceles küçələrindən gəlir?"
Kamran Əsədov fikrini belə tamamlayıb:
"Sistem tərbiyə etmir. Sadəcə məlumat ötürür. Bu – gələcəyin faciəsidir."