18 iyun 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi keçirilib.
Bu barədə "Tehsil365"ə Naxçıvan Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, ikili diplom müqavilələri NDU-nun rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb.
Qeyd edək ki, 1453-cü ildə yaradılmış və Türkiyənin ilk, ən köklü ali təhsil ocaqlarından biri olan İstanbul Universiteti ilə Azərbaycanın ən geniş profilli ali məktəblərindən biri olan Naxçıvan Dövlət Universiteti arasında baş tutan bu əməkdaşlıq yeni bir mərhələnin başlanğıcı hesab olunur.
İmzalanmış ikili diplom layihəsi magistratura səviyyəsində “Türk dünyası tarixi” və “Strateji idarəetmə” ixtisaslarını əhatə edəcək. Dövlət proqramı çərçivəsində reallaşdırılan bu əməkdaşlıq çərçivəsində tələbələr təhsillərinin bir ilini NDU-da, bir ilini isə İstanbul Universitetində davam etdirəcəklər. Təhsili başa vuran məzunlar hər iki universitetin diplomuna sahib olacaqlar.