Cəlil Məmmədquluzadənin Ev Muzeyinin yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə "Tehsil365"ə muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq, böyük yazıçı, dramaturq, ictimai xadim və mütəfəkkir Cəlil Məmmədquluzadənin 1869-cu ildə Şərqin qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində anadan olduğunu qeyd edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli sərəncamı ilə yazıçının ev muzeyinin yaradılması qərara alınıb və həmin vaxtdan etibarən muzeydə Cəlil Məmmədquluzadə irsinin təbliği və tədqiqi əsas fəaliyyət istiqaməti olub.
Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Cəlil Məmmədquluzadənin Azərbaycanda muzey işinə töhfəsi”, Ev Muzeyinin baş fond mühafizi və elmi işçisi Murad Nəcəfzadə isə “Mirzə Cəlil muzeyi 27” mövzusunda çıxış ediblər.
Həmçinin, Cəlil Məmmədquluzadənin Nehrəmdəki Xatirə Muzeyinin direktoru Gülnarə Sadiqova da ədibin həyat və yaradıcılığı barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiyasına baxış keçiriblər.