Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları — Eldar Zeynalov, Jörg Friedrich, Əsgər Hüseynov, Nərmin Mustafayeva və Eldar Qasımovun müəllifi olduqları “Kommersiya dizel yanacağının və onun fraksiyasının metal-tərkibli çoxdivarlı karbon nanoborularının iştirakı ilə oksidləşmə kinetikası” adlı məqalə “Chemistry & Chemical Technology” elmi jurnalında dərc olunub. Məqalə “Scopus” elmi bazasında indeksləşir.
“Tehsil365” xəbər veririki, tədqiqatda məqsəd Fe-Co tərkibli çoxdivarlı karbon nanoborularının (Fe-Co@MWCNT) iştirakı ilə dizel yanacağı fraksiyalarının aerob oksidləşmə səviyyəsini araşdırmaq və qiymətləndirmək olub. Alimlərin müəyyən etdiyi kimi, Fe-Co klasterləri nanoboruların daxilində və səthində yerləşərək zəncirvari oksidləşmə reaksiyalarını fəal şəkildə kataliz edir.
Əldə olunan nəticələr, çoxkomponentli karbohidrogen tərkibli yanacaq xammalının effektiv şəkildə oksidativ çevrilməsi üçün perspektivli nanokatalitik sistemlərin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədqiqat həm də enerji və kimya sənayesi sahəsində tətbiq imkanları baxımından yeni elmi istiqamətlərin əsasını qoyur.