İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda 2024/2025-ci tədris ili üzrə “Məzun günü” keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, dini konfessiyaların nümayəndələri, DQİDK yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən tələbələr Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildiriblər.
Çıxışlardan sonra institutu yüksək göstəricilərlə başa vurmuş məzunların təltif edilməsi mərasimi keçirilib və bədii proqram təqdim olunub.
“Məzun günü” proqramı çərçivəsində İslam incəsənəti dərnəyi sərgisi nümayiş olunub, İlahiyyat İnstitutunun müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib, I kurs tələbəsi Elvin Qurbanov tərəfindən Quran tilavəti səsləndirilib.