“Məktəblərdə keçirilən monitorinq nəticələri bir daha sübut edir ki, texnologiyanın təhsilə inteqrasiyası artıq qaçılmazdır və bu, hər bir şagirdin inkişafında özünü göstərir”.
“Tehsil365” xəbər verir ki, bu fikirləri Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, monitorinq nəticələri göstərir ki, şagirdlər arasında fərqliliklər mövcuddur. Lakin bu fərqlər sadəcə nəticə deyil, bir siqnaldır. Çünki tədris prosesinin sonunda bu fərqlər üzərində təhlillər aparmaq və onlardan nəticə çıxarmaq olduqca vacibdir.
“Bizim real nümunələrimiz var. Təhlil etdikdə görürük ki, nəticələrin arxasında duran fərqlər konkret misallarla təsdiqlənir. Mən istəyirəm ki, bu mərhələdə müxtəlif misallar əsasında bu fərqləri bir daha nəzərdən keçirək”, – deyə nazir vurğulayıb.
Emin Əmrullayev əlavə edib ki, bu onlar üçün dəyərli göstəricidir: “Bu fərqləri sadəcə statistik rəqəmlər kimi deyil, bir nümunə kimi oxumaq və anlamaq lazımdır”.