Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin sonuncu günüdür.
"Tehsil365” xəbər verir ki, iyunun 25-də Naxçıvanda ölkə üzrə fizika və informatika müəllimləri üçün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 73 müəllimdən 71-i iştirak edib və 97 faiz iştirak qeydə alınıb.
İmtahan Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən İmtahan Mərkəzində təşkil olunub.
Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Xatırladaq ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Qeyd edək ki, bu günə qədər riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, coğrafiya, ibtidai sinif, kimya və biologiya müəllimləri sertifikasiyadan keçiblər. Sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir.