Hazırda ölkəmizdə ali təhsil sistemi ilə bağlı əsas tənqidlərdən biri, tədrisin əsasən nəzəri biliklərə əsaslanmasıdır. Universitet məzunlarının böyük hissəsi əldə etdikləri bilikləri əmək bazarında tətbiq etməkdə çətinlik çəkir. Bu da gənclər arasında ali təhsilə inamın azalmasına, universitetlərin isə nüfuz itirməsinə səbəb olur.
“Tehsil365”ə açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, mövcud ali təhsil sistemi müasir əmək bazarının tələblərinə cavab verməkdə çətinlik çəkir:
“Universitetlərdə keçirilən dərslərin böyük əksəriyyəti nəzəriyyəyə əsaslanır. Tələbələr bu bilikləri real əmək bazarında tətbiq edə bilmirlər. Bu isə onları düşündürür ki, ali təhsildə keçirdikləri 4 il əslində itirilmiş vaxtdır. Praktiki bacarıqlar verilsə də, bu, çox azlıq təşkil edir.”
Ekspertin fikrincə, yaranmış vəziyyət hökumətin diqqətindən kənarda qalmayıb:
“Dövlət artıq daha qısa müddətli, lakin praktik yönümlü proqramların hazırlanmasına çalışır. Məqsəd – gəncləri daha qısa zamanda, amma real iş bacarıqları ilə təmin edərək əmək bazarına hazırlamaqdır.”