Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan tədqiqatla bağlı məqalə Q1 kateqoriyasında olan, “Web of Science”, “Scopus” və digər sistemlərdə indekslənən jurnalda dərc olunub.
“Tehsil365” xəbər verir ki, tədqiqat AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları Ülviyyə Nəhmətova, Mətanət Əliyeva, uzman klinik psixoloq Narınc Rüstəmova, Fuad Əsədov və Ülkər Zalova Nuriyevanın iştirakı ilə həyata keçirilib. Onların müəllifliyi ilə hazırlanmış “Uşaq və yeniyetmələr üçün psixoloji distres şkalasının Azərbaycan dilinə adaptasiyası: Psixoloji distres, rifah və həyatdan məmnunluqla əlaqəsinin araşdırılması” adlı məqalə “Web of Science”, “Scopus”, “Index Copernicus”, “Erih Plus” kimi nüfuzlu beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan, Q1 kateqoriyasında olan “The Journal of Education, Culture and Society” jurnalının 2025-ci ilin 1-ci nömrəsində dərc olunub.
Tədqiqatın əsas məqsədi psixoloji distres şkalasının Azərbaycan dilinə adaptasiyasını həyata keçirmək, onun həyat məmnuniyyəti və rifah ilə əlaqələrini empirik olaraq qiymətləndirmək olub.
Tədqiqatda kimlər iştirak edib?
Tədqiqatda 11-18 yaş aralığında olan 2217 nəfər (“1302 qadın, 915 kişi) iştirak edib. Onların 1302-si qadın, 915-i isə kişidir.
Tədqiqatın nəticələri göstərib ki...
Azərbaycanlı yeniyetmələrin psixoloji distres səviyyəsi CAPDS-10 şkalası ilə etibarlı şəkildə ölçülə bilər. Beləliklə, bu şkala Azərbaycan kontekstində psixometrik baxımdan uyğun alət kimi təsdiqlənib.
Psixoloji distres səviyyəsi ilə təşviş, stres və depressiya simptomları arasında müsbət korrelyasiya müşahidə edilib, yəni bu simptomlar artdıqda psixoloji distresdə də artım müşahidə olunur.
Psixoloji distres ilə həyat məmnuniyyəti və rifah arasında mənfi əlaqə mövcuddur. Belə ki, distres səviyyəsi azaldıqda, rifah və məmnunluq səviyyələrinin artması müşahidə olunur.
Məqalə ilə linkə keçid edərək tanış olmaq olar: https://www.jecs.pl/index.php/jecs/article/view/1729