AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan milli mətbuatı - 150” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.
İclası açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, ötən 150 ildə milli düşüncənin, ictimai şüurun formalaşmasında Azərbaycan mətbuatı böyük rol oynayıb, bu gün isə informasiya cəmiyyətinin formalaşmasında əvəzsiz vasitədir.
Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri professor Hacı Həsənov məruzəsində qeyd edib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti cəmiyyətə yeni ideyalar və baxışlar gətirib. Həsən bəy Zərdabi qəzet vasitəsilə xalqın maariflənməsinə çalışıb. XIX əsrin ikinci yarısında əsası qoyulan Azərbaycan milli mətbuatı xüsusilə XX əsrin əvvəllərində milli azadlıq ideyalarının carçısına çevrilib.
Dəyirmi masada, həmçinin “Azərbaycan milli mətbuatının yaranması, onun inkişafı istiqamətləri”, “Azərbaycan jurnalistikasının inkişafında Rəhim bəy Məlikovun rolu” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.