Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Rəyasət Heyəti qarşısında 2025-ci ilin birinci yarısı üzrə elmi və təşkilati fəaliyyətin yekunlarına həsr olunan hesabatı dinlənilib.
Bu barədə “Tehsil365”ə MEK-dən bildirilib.
Hesabatı təqdim edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, cari ilin birinci yarısında kitabxana ölkənin elmi-informasiya məkanında mühüm nəticələr əldə edib. Direktor fəaliyyətin əsas istiqamətləri kimi fondların zənginləşdirildiyini və rəqəmsallaşdırıldığını, oxuculara informasiya xidməti göstərildiyini, kitabxana-informasiya texnologiyalarının tətbiqini və beynəlxalq əməkdaşlığın genişləndirildiyini qeyd edib.
MEK rəhbəri 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar kitabxana tərəfindən biblioqrafik göstəricinin hazırlandığını, ənənəvi və virtual kitab sərgilərinin təşkil olunduğunu, müxtəlif tədbirlərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. O, həmçinin “AMEA – 80” adlı virtual sərgi hazırlandığını, “Azərbaycan Milli Elmlər Akademiyası” adlı ensiklopedik məqalənin redaktə olunaraq oxuculara təqdim edildiyini söyləyib.
Direktor kitabxananın 100 illiyi çərçivəsində “Mərkəzi Elmi Kitabxananın inciləri” və “Mərkəzi Elmi Kitabxananın nəşrləri” adlı biblioqrafik göstəricilərin işıq üzü gördüyünü, digər nəşrlərin isə çapa hazırlandığını vurğulayıb.
2025-ci ilin birinci yarısında MEK-in yenilikləri və islahatlarından danışan H.Hüseynov inklüziv kitabxana mühitinin formalaşdırılması istiqamətində də mühüm təşəbbüslər irəli sürüldüyünü, “MEK könüllüləri” və “Açıq qapı”nın uğurlu layihələr sırasında yer aldığını bildirib.
O qeyd edib ki, təhsil və metodiki əməkdaşlıq sahəsində də vacib tədbirlər görülüb. Belə ki, elmi müəssisələrdə çalışan kitabxanaçılar üçün metodiki təlimlər, ali məktəblərin tələbələri üçün istehsalat təcrübələri, həmçinin vikipediya və rəqəmsal informasiya resursları üzrə praktiki məşğələlər keçirilib.
Direktor onu da diqqətə çatdırıb ki, hesabat dövründə MEK-də 40-a yaxın tematik sərgi təşkil olunub, görkəmli şəxsiyyətlərin yubileyləri və əlamətdar günlər qeyd edilib və kitabxananın fondundan çoxsaylı sənəd oxucuların istifadəsinə verilib. Həmçinin Kitabxanalararası abunə xidməti vasitəsilə AMEA-nın müxtəlif institutlarının kitabxanalarından 50-dən artıq sənəd istifadəçilərə çatdırılıb.
Sonda Hüseyn Hüseynov bildirib ki, elektron kitabxananın formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb – bu dövrdə 50.000 PDF sənəd toplanıb.
AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri təqdimatı uğurlu adlandırıb və yeniləşən akademiyanın tələblərinə uyğun olaraq hesabat dövründə Mərkəzi Elmi Kitabxananın fəaliyyətini təqdirəlayiq hesab edib.