İyulun 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli ərəbşünas, uzun illər institutun Ərəb filologiyası şöbəsinə rəhbərlik etmiş filologiya elmləri doktoru, professor Vilayət Cəfərovun 85 illiyi qeyd edilib və “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” adlı kitabın təqdimatı olub.
İnstitutdan “Tehsil365”ə bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açaraq, Vilayət Cəfərovun şərqşünaslıq sahəsində xidmətlərindən danışıb. O, alimin ərəbşünaslığın inkişafında müstəsna rolunu, elmi kadrların hazırlanmasında fəal olduğunu qeyd edib. Akademik Gövhər Baxşəliyeva professor Vilayət Cəfərovun müdafiə şurasında fəaliyyətini, eləcə də seminarlarda sədrliyini xüsusi vurğulayıb.
G.Baxşəliyeva, həmçinin təqdimatı keçirilən kitabda alimin zəngin elmi fəaliyyəti barədə ətraflı məlumat verildiyini bildirib.
Tədbirdə professor Qəzənfər Paşayev Vilayət Cəfərovun elmi fəaliyyətinin dəyərindən, tədqiqatlarında ərəb filologiyasının dərin məsələlərini araşdırmasından və alimin yüksək insani keyfiyyətlərindən danışıb. Professor Qəzənfər Paşayev Vilayət Cəfərov kimi alimlərin yeni nəslə bir örnək olduğunu qeyd edib.
Professor İmamverdi Həmidov çıxışında Vilayət Cəfərovla birgə keçmiş tələbəlik illərini xatırlayıb. O, alimin vaxtilə rəhbəri olduğu dissertantların bu gün ərəbşünaslıq elminin inkişafına xidmət etdiklərini vurğulayıb.
Sonra çıxış edən professor Mehdi Kazımov Vilayət Cəfərovun müasir İraq ədəbiyyatında gedən proseslərə Qərb ədəbiyyatının təsirini araşdırdığını deyərək, onun fikirləri ilə İraq alimlərinin həmişə hesablaşdığını bildirib.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü professor Vilayət Cəfərovun Şərqşünaslıq məktəbində öz izini qoyan alimlərdən olduğunu deyib.
Tədbirdə, həmçinin dosentlər Laura Orucova, Xumar Ələkbərova, Əsmətxanım Məmmədova və Teymur Sadıqov professor Vilayət Cəfərovun ərəbşünaslıq sahəsində xidmətlərini, ərəb ölkələrinin elmi mühitində böyük nüfuzunun olduğunu qeyd ediblər.
Sonda professor Vilayət Cəfərovun qızı - Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri dosent Günay Verdiyeva tədbir iştirakçılarına öz təşəkkürünü çatdırıb.
Qeyd edək ki, tədbirdə təqdimatı keçirilən kitabın tərtibçisi dosent Günay Verdiyevadır. Kitabda alimin zəngin elmi fəaliyyəti, ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatları, tərcümə əsərləri və elmi məqalələri sistemli şəkildə təqdim olunur.
Birinci fəsildə Vilayət Cəfərovun həyat yolu və bioqrafiyası öz əksini tapıb. İkinci fəsildə alimin elmi əsərləri və tərcümə kitabları haqqında ətraflı məlumat əldə etmək, görkəmli şərqşünas alim professor Aida İmanquliyeva irsinin tədqiqində rolunu izləmək, Vilayət Cəfərov elmi məktəbinin davamçıları, onun rəhbərliyi altında müdafiə etmiş alimlər haqqında məlumat almaq, əsərlərinin biblioqrafiyası ilə tanış olmaq, eləcə də qələmə aldığı şeirlərini oxumaq mümkündür. Üçüncü fəsildə alimin indiyədək işıq üzü görməyən məqalələri təqdim edilir. Kitabın dördüncü fəslində professor Vilayət Cəfərovla bağlı xatirələr yer alıb.